Bərbərxana və gözəllik salonları üçün yeni vergi güzəştləri nəzərdə tutulur
Trend-ə görə, Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik barədə qanun layihəsi müzakirə olunub. Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin POS-terminal dövriyyəsinin 50 faizi 3 il vergi tutulan dövriyyədən çıxılacaq. Bu çıxılmadan yaranan gəlir fiziki şəxslər üçün gəlir vergisindən, digər şəxslər üçün mənfəət vergisindən azad ediləcək.

Bu nə deməkdir?
Dəyişikliklər sahibkarların vergi yükünü azaltmağı və müştərilərin nağdsız ödənişlərə marağını artırmağı nəzərdə tutur. Güzəşt üçün POS-terminal nəzarət-kassa aparatına vahid sistemdə inteqrasiya olunmalıdır. Ardıcıl 12 ayın istənilən ayında əməliyyatları 200 min manatdan çox olan bu sahə sahibkarları isə 2027-ci ildən 5 il sadələşdirilmiş vergi ödəyicisi ola biləcək.
Layihəyə görə, bu xidmətlərin haqqını nağdsız ödəyən müştəriyə məbləğin 0,9 faizi geri qaytarılacaq. Bundan əlavə, istehlakçılara nağdsız ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd ödənilmiş ƏDV-nin 5 faizi qaytarılacaq.


